Aqil Mahmudov
Rusiya geosiyasi mübarizəsində “Cənubi Qafqaz problemi”nə ümumi rakursdan yanaşır. Rusiya anlayır ki, demokratik dəyərlərə hörmətsiz yanaşan Azərbaycan hakimiyyətinin bu şərtlərlə Qərbə yolu bağlıdır. Lakin rəsmi Bakının Kremlin tələblərinə əməl etməməsi Moskvanın Bakıya təzyiqlərini artırır. Bu baxımdan, bu ilki Milli Məclisə seçkilər öncəsi “Milyarderlər ittifaqı”nın yenidən bərpa edilə biləcəyi istisna deyil. Eyni zamanda, Rusiya Azərbaycanda etnik separatizmi alovlandırmaqla rəsmi Bakını tam ram etmək niyyəti güdür. Son günlər oynadılan “talış kartı” deyilənlər bir sübutdur. İstisna deyil ki, Rusiya hər iki ölkə üçün eyni variant – “oliqarxlar modeli” seçə bilər. Vurğulayaq ki, yuxarıda sadaladığımız amillərə görə, Ermənistanda və Azərbaycandakı hakimiyyət məsələsi eyni rakursdan dəyərləndirilir. Bu baxımdan, “Milyarderlər ittifaqı”nın və yaxud digər Kremlin layihəsi olan qurumun parlament seçkilərindəki namizədlərinin kim olacağı düşündürücüdür. İstənilən halda məqsəd ziyalılarla oliqarxların bir araya gətirilməsi ola bilər. Oliqarxiyanın siyasi hakimiyyətə gəlişi cəmiyyətə yaxşı perspektiv vəd etmir. Oliqarxların əsas ideyası pul qazanmaqdır. Əgər oliqarx siyasi hakimiyyətə can atırsa, demək, hakimiyyət rıçaqlarından faydalanmaqla daha çox maliyyə əldə etmək, yeni bazarlar qazanmaq və biznes imperiyalarının sərhədlərini genişləndirmək haqqında düşünür. Bu, praktikada dəfələrlə təsdiq olunmuş məsələdir. 2006-ci ildən başlayaraq oliqarxiyanın Azərbaycanın siyasi sisteminə sürətli inteqrasiyası da bunu bir daha sübut edir. 2006-cı ildə bir neçə oliqarx nazir postuna təyin edildi və bununla da nazir-oliqarxların əhatə dairəsi genişləndirildi. Nəticədə korrupsiya və rüşvətin həcmi, miqyası müqayisə olunmaz dərəcədə artdı, qiymətlər dəfələrlə bahalaşdı, bürokratik aparat daha da möhkəmləndi. Oliqarxlar siyasi hakimiyyətə və dövlət idarəçiliyinə istisnasız olaraq biznes kimi yanaşırlar. İnkişaf etmiş ölkələrdə oliqarxiyanı imkan daxilində siyasi hakimiyyətdən uzaq saxlamağa çalışırlar. Ən azı oliqarxiyanın siyasi qərarlara birbaşa təsir etməsinə imkan vermirlər. Azərbaycanda biznes və bu biznesin sahibləri ya nəzarət altındadırlar, ya da ki, elə iqtidarın tərkib hissəsidirlər. Azərbaycanda müstəqil biznesmen yoxdur, oliqarxlar bugünkü iqtidarın parçası sayılırlar. Buna baxmayaraq, son prezident seçkiləri ərəfəsində heç kimin gözləmədiyi halda Moskvada azərbaycanlı milyarderlərin bir araya gələrək fəallaşması ölkəmiz üçün də oliqarx modelinin hələ də keçərli olmasının mümkünlüyünü gündəmə gətirə bilər. Ermənistanda da böyük biznes hakimiyyətin nəzarəti altındadır, ancaq müəyyən istisnalar da var, məsələn, Qarik Tsarukyan. Onun biznesi də var və iqtidara müxalif fiqur sayılır. Lakin Ermənistanda Moskvanın xeyir-duasını almadan hansısa qrupun qələbəsi də problematikdir. Kənar təsirlər, o cümlədən Moskvanın xeyir-duası Azərbaycan üçün də aktuallaşıb. Odur ki, Rusiyaya meylli gücün də imkanlarını arxa plana atmaq olmaz. Kreml hər an bu kartı işə sala bilər. Başqa sözlə, Kreml Ermənistanda, hətta Gürcüstanda etdiklərini Azərbaycanda da təkrarlamaq həvəsindədir. Odur ki, Azərbaycanda parlament seçkilərində istənilən sürprizi gözləmək mümkündür. Gözləmədiyimiz elə bir seçki bloku ortaya atıla bilər ki, onun şansı bir anda üstün görünə bilər…