Rusiya prezidenti Vladimir Putin SSRİ-nin faşist Almaniyası üzərindəki qələbəsinin 70-ci ildönümü münasibətilə ölkədə keçiriləcək tədbirlərin Təşkilat Komitəsinin üzvləri ilə görüşüb. Görüşdə 9 may – Qələbə günü əsas müzakirə mövzusu olub.
İclasda iştirak edənlərə müraciət edən Putin bəzilərinin II dünya müharibəsi ilə bağlı tarixi yenidən yazmaq cəhdlərindən söz açıb.
“Təəssüflər olsun ki, bu gün təkcə müharibənin nəticələrini dəyişmək və təhrik etmək cəhdlərinin yox, eyni zamanda bu qələbə uğrunda hər şeyi qurban vermiş, dünyada sülhü müdafiə etmiş həmin nəslin ünvanına arsızcasına, utanmadan, açıq-aşkar yalanlar söylədiklərinin, həyasızcasına qara yaxdıqlarının şahidi oluruq” – deyə Putin bildirib.
Prezident bu kimi cəhdlərin hədəflərinin aydın olduğunu, müasir Rusiyanın gücünü zəiflətmək, onu nüfuzdan salmaq, Rusiyanı qalib ölkə statusundan məhrum etmək məqsədi daşıdığını bildirib. O, eyni zamanda qeyd edib ki, xarici qüvvələr bu yolla xalqların arasında ədavət salmağa, tarixi iddiaları geosiyasi oyunlarda istifadə etməyə calışırlar.
Putin bu ittihamlarını səsləndirən zaman konkret ünvan seçməyib. Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dəvətnamə göndərilmiş dövlət başçılarından 26-ı, o cümlədən Şimali Koreya lideri 9 may – Qələbə gününü Moskvada qeyd etməyə razılaşıb.
Qərbdən olan bəzi liderlər Ukrayna münaqişəsindəki roluna görə Rusiyada keçiriləcək hərbi paradda iştirak etməməyə qərar verib (ANS PRESS).