Müdafiə Nazirliyi hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olan BOT MMC ilə əməkdaşlığı dayandırması haqda şirkətin iddiasına cavab verib.
Nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda Silahlı Qüvvələrin şəxsi heyəti üçün daha keyfiyyətli, müasir tələblərə cavab verən və sərfəli qiymətlərlə alınan ayaqqabıların fasiləsiz təminatı həyata keçirilir.
“BOT MMC tərəfindən istehsal olunaraq təqdim olunmuş ayaqqabı nümunələri keyfiyyət və qiymət baxımından tələblərə cavab vermədiyindən qəbul edilməyib”, – deyə nazirlikdən bildirilib.
* * *
Azərbaycanda hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə azvision.az-a şirkətin baş mühəndisi Mahmud Babayev məlumat verib. O bildirib ki, şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə bağlıdır.
“Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olduq və onlar üçün ayaqqabılar hazırladıq. Bundan sonra sifariş verən olmayıb. İndi tender gözləyirik. Əgər olarsa iştirak edəcəyik. Qalib olsaq yenidən fəaliyyət göstərəcəyik. Bu gün isə faəliyyətimizi dayandırmışıq”.
Şirkət rəsmisi daha sonra qeyd edib ki, Müdafiə Nazirliyi tender keçirmir: “Müdafiə Nazirliyi tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib”.
Onun sözlərinə görə, şirkətin 300-ə yaxın əməkdaşı işsiz qalıb.
Qeyd edək ki, mətbuatda çıxan yazılarda BOT MMC-nın rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olduğu bildirilir. BOT MMC 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub.
Hefteaz.tv