Cəmil Həsənli: “15 mart mitinqi 2015-ci ilin uğurlu başlanğıcıdır və bu uğur davam edəcək”
Əli Kərimli: “Bu mitinq göstərdi ki, cəmiyyəti susdurmaq mümkün deyil və Milli Şura ayaqdadır”
Martın 15-də Milli Şura “Talana və yalana son” şüarı ilə mitinq keçirdi. Əsasən sosial-iqtisadi problemlərlə bağlı təşkil edimliş bu mitinqə liderlər də qiymət verib.
Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, mitinq yüksək əhval-ruhiyyə şəraitində keçib və bu mitinqi 2015-ci ilin uğurlu başlanğıcıdır: “ Çox yüksək səviyyədə mitinq keçirdik. Hakimiyyətin bütün təxribatçı əməllərinə baxmayaraq, Azərbaycan vətəndaşları ortaya iradə qoydu və “məhsul” stadionuna gələrək hakimiyyətin yürütdüyü siyasətə “yox” dedi. Hesab edirəm ki, 2015-ci ilin 15 mart mitinqi uğurlu bir başlanğıcdır və mitiniqlər silsilə şəklində davam edəcək. Azərbaycan xalqı öz haqqı uğrunda savaşa qoşulacaq və mütləq qalib gələcək”
AXCP sədri Əli Kərimli də bildirdi ki, 15 mart mitinqi cəmiyyəti susdurmaq mümkün olmadığının və Milli Şuranın ayaqda olduğunun göstəricisi oldu: “ Hakimiyyətin yaratdığı əngəllərə baxmayaraq Milli Şuranın çağırışına Azərbaycan xalqı səs verdi və kifayət qədər izdihamlı mitinq keçirildi. Biz bu mitinqdə sosial ədalət tələb etdik, manatın ucuzlaşması nəticəsində xalqa dəymiş ziyanın ödənilməsini tələb etdik. Mitinqdə xeyli sayda sadə insanlar iştirak etdi və Milli Şura 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki nəticəni yenidən göstərdi. Bu hakimiyyəti düşündürməlidir. Çünki, 2013-cü ildən sonra ölkədə repressiyalar həyata keçirildi, tanınmış ictiami- siyasi xadimlər həbs olundu, müxalifətin cüzi imkanları da məhdudlaşdırıldı. Hakimiyyət elə bildi ki, bu repressiyalarla insanları tamam susdura biləcək. Amma bu qədər repressiyalardan sonra, bəzi qüvvələrin Milli Şuranı tərk etməsinə baxmayaraq, Milli Şura təsis olunduğu dövrdəki qədər insanı meydana yığdı. Ən vacibi isə Azərbaycan hakimiyyətinin yanlış sosial-iqtisadi siyasətinə insanlar etiraz edir. Bu o deməkdir ki, vəziyyət gərginləşdikcə etiraz daha da artacaq. Hakimiyyət o mesajı aldı ki,insanları yavaş-yavaş səfərbər olur və yanlış siyasətə etiraz edir. Onu da qeyd edim ki, bu mitinqlər davam edəcək və biz növbəti mitinqin keçirilmə vaxtını cəmiyyətə açıqladıq. Biz bunu proses kimi nəzərdə tutmuşuq və qətnamənin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə davam edəcək. İndi vətəndaşlar da bildilər ki, növbəti mitinq 5 aprel tarixində olacaq”