
Korrupsiya və insan haqlarına qarşı mübarizə ilə bağlı səlahiyyətli şəxslər və qurumların daha da fəal şəkildə aparılmasını zəruri sayan E.Süleymanova neqativ hallara qarşı mübarizədə hamıya uğurlar arzulayıb. Qısa çıxış edən Ombudsman deyib ki, hesabat deputatlara paylandığı üçün 30 dəqiqəlik məruzəni ixtisarla təqdim etməyi üstün tutub.
Müzakirələr zamanı çıxış edən deputat Musa Qasımlı hesabatı yüksək qiymətləndirib. “KİV-lə əməkdaşlıq sahəsində Ombudsmanın gördüyü işlər digər qurumlar üçün də örnək ola bilər” deyə, bildirib.
Əli Məsimli məruzəni müsbət qiymətləndirilməli olduğunu vurğulayıb. Ombudsmanın hesabatındakı təkliflər bölümündə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid və əlil olan vətəndaşların sığortasının ödənilməsi ilə bağlı təklifini o, xüsusi qeyd edib. Ə. Məsimli banklarda kreditlərin ödənilməsində dollar və manat söhbətinin ortaya çıxması ilə bağlı yaranan problemə də toxunub. O, əlaqədar təşkilatları bu problemi qanuna uyğun şəkildə həll etməyə çağırıb ki, problem Milli Məclisə yönəlməsin. Həmçinin ipoteka kreditlərinin 50 min manatdan 70 min manata qaldırılmasını da zəruri sayıb.
Musa Quliyev də məruzəni müsbət dəyərləndirib və onun “hərtərəfli hazırlandığını” vurğulayıb. Deputat qeyd edib ki, məruzədə onu qane etməyən məqamlar da var. Bildirin ki, bizi hüquq müdafiəçilərinin, KİV-lərdə çalışmış və sonradan müəyyən cinayətdə ittiham olunan şəxslərin adlarının çəkilməsi və onlara geniş yer verilməsi onu narahat edir: “Burada Azərbaycanı istəməyən təşkilatların əlinə oynanılır, onların dəyirmanına su tökülür. Ya bütün müraciət edən şəxslərin adı çəkilsin, ya da ayrı-ayrı insanlar fərdiləşdirməsin”. M.Quliyev Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara öz mövqeyini daha qəti şəkildə deməyə çağırıb.
Zahid Oruc MTN-in keçirdiyi son əməliyyatı xatırladaraq deyib ki, hazırda Suriya ilə əlaqəli saxlanılan şəxslərin sayı 30-dan yuxarıdır, bu da Milli Məclisin qəbul etdiyi qərara uyğun həyata keçirilir: “Bizim diqqət etmədiyimiz bir məqam var ki, bu 30 nəfərdən 2-si xaricdə təhsil alan şəxslərdir” -deyən Z.Oruc bildirib ki, müstəqillik dövründə dini təhsil alanların sayı 6 mindən yuxarıdır. Odur ki, Azərbaycandakı dini məktəblərə xaricdən müəllimlərin cəlb olunmasına çalışmaq lazımdır, nəinki tələbələrin xaricdə təhsil alması. Bütün insanlarımız üçün xaricdə dini təhsil qadağan olunmalıdır, birmənalı şəkildə. İmkan verməməliyik ki, Azərbaycana xaricdən hansısa qüvvələr öz dini modellərini ixrac edə bilməsin”.
Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan Birinci Yay Avropa Oyunları keçirməyə hazırlaşdığı bir məqamda bəzi qüvvələr Azərbaycana qarşı insan haqları ilə əlaqədar təzyiqlər göstərir: “Bu faktdır ki, dünyada insan haqları ilə bağlı vəziyyət haqqında məlumatı həmin o beynəlxalq insan haqları təşkilatlarından alırlar, onların hesabatları ilə hesablaşırlar. Bu mənada Azərbaycanla bağlı da Elmira xanım öz nüfuzundan istifadə etməlidir. Biz çalışmalıyıq ki, Avropa Oyunları ərəfəsində əsaslı-əsassız həbs olunanların azadlığına nail olaq ki, Azərbaycana qarşı bundan istifadə olunmasın”.
Q. Həsənquliyev vergi orqanlarının sahibkarların fəaliyyətinə müdaxiləsindən də danışıb. Xatırladıb ki, indi güc strukturları, ayrı-ayrı dövlət orqanları sahibkarlardan öz məhsulunu konkret qiymətə satmasını tələb edir: “Bu da bazar iqtisadiyyatı prinsipinə ziddir. Hansı sahələrdə rəqabət aşağıdırsa, dövlət qurumları rəqabətin güclənməsinə nail olmalıdır. Obmudsman bu sahəyə də diqqət yetirməlidir. Çünki çoxlu sayda sahibkarlar bizə müraciət edirlər. Bu vəziyyət davam etsə, bir müddət sonra Azərbaycanda qıtlıq əmələ gələcək. Bəzi sahibkarlar öz mallarını anbarlarda saxlayırlar və satmaqdan imtina edirlər”.
Fərəc Quliyev telekanallardakı “mənasız” verilişlərin əvəzinə vətəndaşları məlumatlandırmaq üçün Ombudsmana efir vaxtının ayrılmasını zəruri sayıb. Deputat sadə vətəndaşlarla yanaşı, haqlı olan məmurun da hüquqlarını qorumağa çağırıb.
Siyavuş Novruzov deyib ki, son vaxtlar bir qrup beynəlxalq təşkilatlar Azərbaycan haqqında olmazın şər-böhtan kampaniyasına başlayıb. Həmin təşkilatlar erməni mənşəli olanları, qrant verib onlardan “şapka” aldıqlarını müdafiə edir: “ Əfsuslar ki, burda sapı özümüzdən olan baltalar da var. Bu, AXCP, Əli Kərimlidir, onun ətrafında olan kriminal tör-töküntü və erməni fondlardan aldığı qrantlar hesabına saxladığı QHT-lərdir. Vaxtilə ermənilər Yerevandan Qorbaçova ümummilli lider haqqında teleqram vururdu, indi ermənilər yenə fəallaşıb. Mehriban xanım Avropa ölkələrində Avropa Oyunlarının təqdimat mərasimini keçirir. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Biz də bir işin qulpundan yapışmalıyıq, hər kəs öz mövqeyini bildirməlidir”. Daha sonra deputat Ombudsmana xitab etdi: “İsveçrə səfirliyində neçə aylardır bir nəfəri saxlayırlar. 1 milyon 565 min qrant alıb, 240 min vergidən yayındırıb. Səfirliyə məktub yazın ki, niyə oğrunu, kriminalisti saxlayırsınız, onlara dəstək verirsiniz? Götürün bir müəllimi, həkimi, Xocalı sakinini də saxlayın, niyə bir cinayətkarı aylardır orda saxlayırsınız?” S.Novruzov Q.Həsənquliyevin təklifini dəstəkləməyib və cinayət etmiş şəxslərin azadlığına qarşı çıxıb.
Bundan sonra Ombudsmanın məruzəsi qəbul edilib.