Kseniya Sobçak: “Mən cəhənnəmdəyəm, tövbə eləmişəm”
Rusiya şou-biznesinin təmsilçisi, jurnalist Kseniya Sobçak “NTV” telekanalının canlı efirində Rusiya ordusunun Ukraynanın Donbas bölgəsinə girdiyini iddia edib və bu, ciddi qalmaqala səbəb olub.
ANS PRESS-in məlumatına görə, jurnalistə canlı efirdə fikrini izah etməyə imkan verməyiblər. Buna görə də, o, öz mikrobloqunda fikirlərini izah edib və bir daha teleefirə getməyəcəyini bildirib. “Mən cəhənnəmdəyəm. Tövbə eləmişəm, bir daha federal kanalların siyasi proqramlarına getməyəcəm”,- deyə o vurğulayıb.
Verilişdə Donbasdan iki qadın iştirak edib və onlar Ukrayna tərəfdən vuruşan polyakların, amerikalıların və faşistlərin Donetskdə dinc əhalini qırdığını bildirib. “Bu məni sarsıdır. Belə dozada kütləvi yalan sağlamlıq üçün təhlükəlidir. Yazıq, yazıq insanlar”,- deyə Ksenya Sobçak bildirib.
Qeyd edək ki, polyak əsilli Kseniya Sobçak Sankt-Peterburqun keçmiş meri, Rusiya demokrat hərəkatının liderlərində biri Anatoli Sobçakın qızıdır.
ANS PRESS