Danılmaz deyil ki, atılmış qocalara dünyanın hər bir yerində rast gəlmək mümkündür. Təsadüfi deyil ki, BMT Baş Məclisi 1992-ci ildə qocaların (ahılların) müdafiəsi ilə bağlı qətnamə qəbul edib.
Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir. Bundan əlavə, 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub. 2002-ci ilin aprelində isə İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya Məclisi keçirilib.
Bu məsələyə ölkəmizdə də ciddi diqqət yetirilir. Belə ki, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Statistik məlumatlara görə, hazırda ölkəmizdə fəaliyyət göstərən qocalar evi və əlillər evlərində minlərlə qoca və əlil yaşayır. Qeyd edək ki, dövlət tərəfindən atılmış şəxslərin sosial müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, qocalar evlərinə daim ərzaq və digər yardımlar göndərilir.
Buna baxmayaraq, bəzi vəzifəli şəxslər səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif problemlərin meydana çıxmasına səbəb olurlar. Elə bizlər də, dəfələrlə bu kimi problemləri, qocalar evindəki vəziyyətləri işıqlandırmış və sizlərin diqqətinə çatdırmışıq. Məsələn, bu günlərdə əldə etdiyimiz növbəti məlumata görə, paytaxtın Sabunçu rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 40 ünvanda yerləşən 9 saylı ruhi-əsəb internat evində xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin vəziyyəti olduqca ağırdır.
DİA.AZ-a daxil olan məlumata görə, qocalar evinin direktoru Ədilə Əliyeva buranı ürəyi istədiyi kimi, yəni sırf öz qanunları ilə idarə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bu qocalar evinin xeyriyyəçi insanların diqqət mərkəzində olması olduqca sevindirici haldır. Çünki həmin insanlar müxtəlif bayramlarda, əlamətdar günlərdə bura maddi yardımlar göstərir və pansionatdakı insaları sevindirməyə çalışırlar. Lakin bu yardımlardan kimsəsiz qocalara demək olar ki, heç nə çatmır. Çünki, Ədilə xanım bütün yardımları özü mənimsəyir və qocaların haqqını yeyir. Əldə edilən məlumatlara görə, pansionata gələn ərzaq məhsulları müxtəlif dükanlarda satışa çıxarılır. Bundan başqa, digər məlumata görə, qocalar evində qalan şəxslərin bir çoxunun pensiya kartı Ədilə Əliyevadadır. Əlillər və qocalar qorxularından direktorun “qanun”dan kənar əməllərinə etiraz edə bilmirlər. Burda övlad qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar, müharibə və əmək veteranları, əlillər, eyni zamanda ruhi-əsəbi olan şəxslər məskunlaşıblar. Onların başqa gedəcək yerləri, sığınacaq kimsələri olmadığı üçün müdirə xanımın etdiyi qanunsuzluqlara dözməli olurlar.
Digər əldə edilən məlumatlara görə, direktor həmçinin daşınmaz əmlaka sahib olan qocaların əmlakına da göz dikir. Qocaların hansının ki, evi var direktor həmin evləri öz adına keçirib. Beləcə, Ədilə Əliyeva atılmış insanların əmlakına yiyələnir. Tənha, yaşlı və kimsəsiz qocalar isə onun bu cür əməllərinə etiraz edə bilmirlər. Çünki onlar direktordan çəkinir və ehtiyat edirlər. Ədilə xanımın oğlunun da adı heç də yaxşı əməllər sırasında çəkilmir. Belə ki, Ədilə Əliyevanın oğlunun bələdiyyə sədri olduğu və qeyri-qanuni işlərlə məşğul olması, həmçinin sədri olduğu bələdiyyənin balansındakı torpaq sahələrinin demək olar ki, hamısının qeyri-qanuni şəkildə satdığı söyləntiləri var. Bir sözlə, həm Ədilə xanımın, həm də oğlunun adı bir çox qanunsuzluqlarda qeyd olunur ki, bu qanunsuzluqların da bir sonu olmalıdır. Bütün bu sadalananlar artıq aidiyyəti orqanların sözügedən durumları araşdırması və problemlərin həlli istiqamətində müvafiq addımların atılması üçün bir şərtdir. Ümidvarıq ki, qeyd olunan bütün problemlər tez bir zamanda həllini tapmış olacaq. Çünki bu gün heç kimin xəstə və yaşlı insanları incitməyə, onların olan bir şeyi mənimsəməyə haqqı yoxdur. Yox əgər, Ədilə xanım hazırkı işinin nə olduğunu unudubsa, bunu ona xatırlatmağın zamanı çoxdan çatıb.