
Editor.az bu dəfə bank sektorunda çalışan, müxtəlif banklarda rəhbər vəzifə tutan məmur övladlarından bəhs edəcək.
Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev “Kapitalbank” ASC-nin İdarə Heyətinin sədr müavinidir. 14 ildir bank sektorunda çalışan nazir oğlu bugünədək yalnız “Kapitalbank” ASC-də işləyib. Qurumun İdarə Heyətinin üzvü kimi işə başlasa da, 9 ildir ölkənin ən aparıcı banklarından birinin aparıcı simalarındandır.
Millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun icraçı direktorudur. Buna qədər Azərbaycan Mərkəzi Bankının aparat rəhbəri olub. Deputatın qardaşı oğlu Dəyanət Kazımlı isə “Muğanbank”ın İmişli filialının direktorudur.
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri, cəmiyyətdə “şapka Mamed” kimi tanınan Məmməd Məmmədovun oğlu Elmar Məmmədov “Azərtürkbank”ın İdarə Heyətinin sədridir. Bir neçə gün öncə bu vəzifəyə təyinat alan E.Məmmədov bundan öncə “Kapitalbank” ASC-də rəhbər vəzifələrdə çalışıb.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov konkret olaraq bank və soğrta şirkəti rəhbəri olmasa da, onun rəhbərlik etdiyi “Qarant Holdinq”in tərkibində “Qarant sığorta” şirkəti fəaliyyət göstərir və şirkətin rəsmi sahibi özüdür.
Xatırladaq ki, məmur övladları ilə yanaşı vaxtilə dövlət idarəçilyində çalışan, sabiq deputatlar da hazırda müxtəlif banklarda rəhbər vəzifələrdə çalışırlar.
Sabiq millət vəkili Əkrəm Abdullayev “AGbank”-da aparat rəhbəri, sabiq maliyyə naziri Əvəz Ələkbərov isə Türkiyə banklarının birində müşavir vəzifəsini tutur.